Seyşel Adaları respublikasının prezidenti Hind okeanının dərinliyinə enərək dünya okeanını qorumağa çağırış edib.
XəzərXəbər BBC-yə istinadən xənər verir ki, Danny Faure suyun altında 124 metr dərinlikdən yayımlanan çıxışı zamanı deyib ki, dünya okeanının saflığı "bəşəriyyətin gələcəyi üçün həlledici əhəmiyyət kəsb edir".
Seyşel prezidenti okean dərinliyini öyrənmək məqsədiylə Britaniyanın təşkil etdiyi sualtı ekspedisiyaya qoşulub.
Ekspedisiyanın məqsədi Seyşel adalarını əhatə edən suları yoxlamaq və öyrənməkdir.
Canlı yayımda çıxışı zamanı Danny Faure deyib ki, "planetimizin döyünən mavi ürəyi" olan okean görünməmiş təhlükə altındadır.
Seyşel adalarından sonra sualtı elmi ekspedisiyanın Hind okeanının digər hissələrində də keçiriləcəyi nəzərdə tutulur.
2018-ci ilin fevralında Seyşel Adaları Respublikası dövlət borcunun bir hissəsinin silinməsi müqabilində sahilyanı sularının 210000 kvadrat kilometr sahəsini qorunan zona elan edib.
Həmin zonalarda turizm və balıqçılıq fəaliyyəti məhdudlaşdırılır.
Seyşel Adalarının dövlət borcunun bir hissəsinin silinməsi müqabilində okeanın müəyyən hissəsinin qoruq elan etməsi dünya praktikasında ilk dəfədir ki, tətbiq olunub.
BMT-yə görə, milli yurisdiksiyalara aid olan dəniz sularının yalnız 16 faizi qorunan zona statusuna malikdir.
Seyşel Adaları 2020-ci ilədək ərazi sularının 30 faizini qorunan zona elan etməyi qarşısına məqsəd qoyub./Teleqraf.com