Bakıda günün pik saatlarında sıxlığın yaşandığı ərazidə yol genişləndirmə işləri görülür. Söhbət nəsimi rayonu ərazisindəki 4-cü mikrorayon dairəsindən gedir. Həddindən artıq böyük olan dairə kiçildilir. Sürücülər paytaxt ərazisində bu cür böyük dairələrin çox olduğunu deyirlər. Bu məsələdə ekspertlərin maraqlı təklifləri var.
Dairə kiçildilir, yol genişlənir.
Görüntülər paytaxtın Nəsimi rayonu 4-cü mikrorayon dairəsi kimi tanınan ərazidəndir. Günün pik saatlarında sözügedən ərazidə nəqliyyat sıxlığı çox olduğundan yol hərəkətinin təşkilində bəzi dəyişikliklər edilir. Bir neçə gündür ki, Bakı Nəqliyyat Agentliyinin göstrəişi ilə Cavadxan və Hüseyn Seydzadə küçəsinin kəsişməsindəki dairədə kiçiltmə işləri görülür.
İş icraçısının sözlərinə görə, yol tam olaraq 3-4 günə hazır olacaq. Bundan sonra ərazidə nəqliyyatın hərəkətinin normallaşacağı proqnozlaşdırılır. Sürücülər də dairənin həcminin kiçildilərək yolun genişlənməsində sıxlığın azalacağını düşünürlər.
Sürücülər paytaxt ərazisindəkibəzi dairələrin həcminin həddindən artıq böyük olduğunu deyirlər.
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, hərəkətin təşkilini normallaşdırmaq üçün ümumiyyətlə paytaxt ərazisində bəzi dairələr ləğv edilməlidir.
Ekspert deyir ki, bunun üçün Bakı Nəqliyyat Agentliyi və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları günün pik saatında əraziyə baxış keçirib müəyyən işlər görməlidir.