Dominikan Respublikasından olan Karlos Silver adını kitabda görməyəcək. O bunun üçün 106 saat ardıcıl oxusa da, münsiflər heyəti nəticəni hesaba almayıb. Çünki 5 mindən çox mahnı ifadə edən dominikanlı işinin öhdəsindən yaxşı gəlməyib. Yəni onun ortaya sənət nümunəsi qoymadığı düşünülür.
Bu müddətdə Karlosa yüzlərlə tamaşaçı və ailəsi dəstək olub. Oxumağa martın 30-da başlayan Silver aprelin 3-ü səhər saat 10-da dayanıb. Aclıq və yuxusuzluq "müğənni”ni elə sıradan çıxarıb ki, onu dərhal xəstəxanaya çatdırıblar.
Dünya rekordu yenə hindistanlı Sunil Vaqmaredə qalacaq. Düzdü, Silver ondan bir saat çox oxumuşdu. Sadəcə, Karlos təkcə mahnıları keyfiyyətsiz ifa etmir, həm də onların arasında həddən artıq fasilə verirmiş. Reqlamentə görə, cəmi 30 saniyə dincəlməyə icazə var.
Silver ruhdan düşmür. Daha bir dəfə şansını yoxlayacaq./Bizimyol.info