Problemli kreditlərin ödəniş forması açıqlanıb.
Xezerxeber.az-ın məlumatına görə, bank olmayan kredit təşkilatları və bağlanan bankların problemli kredit sahibləri hesablanan kompensasiya ödənişini nağd və nağdsız formalarda olmaqla, "Azərpoçt"dan ala biləcəklər. Ödənişlərin verilməsinə başlanılan zaman bağlanan banklarda kreditləri olan fiziki şəxslərə ''Azərpoçt'' SMS göndərəcək.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Tural Feyzullayev deyib.
O, zaminlər tərəfindən ödənilən kreditlərə görə hesablanan kompensasiyaların kimə ödənilməsi məsələsinə də aydınlıq gətirib. Bildirib ki, bu məsələnin ən ədalətli yolu ödənişi edən zamin və borc alan arasında həll olunmasıdır. Əgər borc alanla zamin bu məsələdə razılığa gələ bilmirlərsə, bu zaman məsələ məhkəmə və digər alternativ üsullarla həll edilə bilər.
Siyahıda adlarını tapa bilməyən, həmçinin onlara hesablanmış kompensasiya məbləğindən narazı olan vətəndaşlar kredit götürdükləri banklara və ya palataya müraciət edə bilərlər.
Qeyd edək ki, 10 min dollara qədər kredit borcu olan vətəndaşlar özlərinə hesablanmış kompensasiya məbləğini və digər məlumatları palatanın rəsmi portalından əldə edə bilərlər. Kompensasiya ödənişlərinin verilməsinə isə aprel ayının sonlarından etibarən başlanılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: