2002-ci ildən Mingəçevirdə sürət qatarı istismara verilib. 10 il sonra isə qatarın fəaliyyəti dayandırılıb. Artıq 7 ildirki, Bakıdan Mingəçevirə qatar hərəkət etmir. Sakinlər isə deyirlər ki, Bakı-Mingəçevir qatarının fəaliyətinin bərpasına ehtiyac var.
Əvvəllər fəaliyyət göstərsə də, 7 ildir Bakıdan Mingəçevirə qatar hərəkət etmir.
2002-ci ildən Mingəçevirdə müasir dəmiryolu vağzalının inşaası ilə əlaqədar "Ana Kür" sürət qatarı istismara verilib. Qatar 2012-ci ilə qədər Mingəçevirlə Bakı arasında sərnişindaşıma fəaliyyəti göstərib. Həmin il isə naməlum səbəblərdən qatarın fəaliyyəti dayandırılıb.
Şəhər sakinləri bildirirlər ki, indi paytaxta qatarla getmək üçün Mingəçevirdən Yevlaxa və ya digər yaxın stansiyalara üz tutmaq məcburiyyətində qalırlar.
Mingəçevir dəmiryolu stansiyasından bildirildi ki, məsələ uzun müddətdir Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin gündəmindədir. Sakinlər rəsmi şəkildə müraciət edərlərsə, reysi bərpa etmək olar.
Qeyd edilib ki, magistral xətlərdə aparılan yenidənqurma işləri də bütün yenilikləri tətbiq etməyə imkan verir.