Müəllimlər müddətsiz müqavilə bağlaya biləcəklər. Bunun üçün onlar xüsusi müsabiqədən keçməlidirlər. Müsabiqəyə sənəd qəbulu isə 1-5 aprel tarixlərində olacaq.
Əmək müqaviləsi hansısa konkret tarixədək olan müəllimlər bu müqaviləni müddətsiz edə biləcəklər. Bunun üçün Təhsil Nazirliyi yeni müsabiqə keçirəcək.
Nazirlik ölkənin ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlər ilə müddətsiz əmək müqaviləsinin bağlanılması üçün yeni müsabiqəyə start verir. Nazirliyin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirir ki, müsabiqədə iştirak etmək üçün müəllimlər tələb olunan meyarlara cavab verməlidirlər.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçiriləcək müsabiqədə iştirak etmək istəyənlər 1-5 aprel tarixlərində miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər. Nazirliyin rəsmisi keçiriləcək müsabiqə ilə bağlı sabah canlı yayım edəcəklərini və müəllimləri maraqlandıran bütün suallara cavab verəcəklərini deyib.
Onu da qeyd edək ki, ötən il müddətsiz əmək müqaviləsi bağlanan müəllimlərin sayı 500 nəfər olub. Bu il həmin rəqəmin daha yüksək olacağı da gözlənilir.