Xəzər Xəbər

"İmadəddin Nəsimi və özbək ədəbiyyatı" konfransı keçirildi VİDEO

Veb TV | 19:54 • 28 Mart 2019
"İmadəddin Nəsimi və özbək ədəbiyyatı" konfransı keçirildi

"İmadəddin Nəsimi və özbək ədəbiyyatı" mövzusunda konfrans keçirilib.

Martın 28-də Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzeti, "Kaspi" Təhsil Şirkəti və Özbəkistanda Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "İmadəddin Nəsimi və özbək ədəbiyyatı" mövzusunda konfrans keçirilib.

XəzərXəbərxəbər verir ki, konfrans İmadəddin Nəsiminin 650 illik yubileyinə və Nəsimi ilinə həsr olunub.

Konfransı giriş sözü ilə filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva açıb. O bildirib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin tarixi çox qədimdir: "Biz bu gün həmin ənənəni davam etdiririk. Bizim Hüseyn Cavid və Məmməd Arazla bağlı layihələrimiz türk dünyasının bir çox bölgələrini əhatə edib. Bu gün də " İmadəddin Nəsimi və özbək ədəbiyyatı" mövzusunda keçirilən konfransımız da həmin layihələrin davamıdır. Mən inanıram ki, bu layihələrin arası kəsilməyəcək. Çünki Azərbaycan-Özbəkistan münasibətləri tarixin özü qədər qədimdir. İllərlə bu əlaqələri kəsməyə çalışsalar da heç kəs buna nail ola bilməyib. Və bu gün özbək ziyalılarla birlikdə Nəsimi yaradıcılığının müzakirəsi, Nəsimi yaradıcılığının özbək ədəbiyyatına təsirinin öyrənilməsi göstərir ki, bu xalqlar həm ruh, həm də yaradıcılıq etibarı ilə bir-birindən ayrılmazdır".

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutun direktoru, akademik Möhsün Nağısoylu çıxış edərək söyləyib ki, Nəsimi kimi şairlər türk dünyasını birləşdirən bağlardır: "Nəsiminin böyüklüyü ondadır ki, o dövrdə ana dili olan türk dilini ərəb və fars dilləri səviyyəsinə qaldıra bilmişdi. Nəsimi təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının ən böyük söz ustalarından biridir. Onu bütün türk dünyasında sevir və öz şairləri sayırlar. Eyni zamanda özbək ədəbiyyatına onun böyük təsiri olub".

Tərcüməçi, alim Tahir Qahhar "İmadəddin Nəsiminin əsərlərinin özbək dilinə tərcüməsi" məruzəsi ilə çıxış edərək bildirib ki, Nəsimi və özbək ədəbiyyatı mövzusu çox geniş mövzudur, alimlər bu mövzuda hələ çox araşdırmalar aparmalıdır: "Min illik yazılı özbək ədəbiyyatında hürufilikdən yazan şairlər Nəsimi kimi bu sahəyə geniş yer verməyiblər".

Konfransda daha sonra AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Kamran Əliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva, Özbəkistandakı Heydər Əliyev Mərkəzinin direktoru Samir Abbasov, tarixçi, publisist Şuxrat Salamov və AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynull Mədətli çıxış ediblər.

Çıxışlardan sonra Azərbaycan həqiqətlərini Özbəkistanda, eləcə də dünyada tanındıtdığına görə tarixçi, publisist Şuxrat Salamova "Kaspi" mükafatı, özbək nümayəndə heyətinə isə diplomlar təqdim olunub.

Xəbər lenti