Xəzər Xəbər

Bakıda ticarət mərkəzində baş verən yanğınla bağlı - SON MƏLUMAT - VİDEO

Veb TV | 19:27 • 26 Mart 2019
Bakıda ticarət mərkəzində baş verən yanğınla bağlı -

Bu gün səhər saatlarında qəfil başlayan alov ticarət mərkəzini qısa bir zamanda külə çevirib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Bakının Nizami rayonu "8-ci kilometr" adlanan ərazisindəki "Diqlas" Ticarət Mərkəzində baş verib. Gül salonunda başlayan yanğın qısa bir zamanda ticarət mərkəzinin digər mərtəbələrinə keçib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Bakı qarnizonunun texnikası, 3 helikopteri və xeyli sayda canlı qüvvəsi cəlb edilib. Fövqəladə hallar naziri Kamələddin Heydərov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, daxili işlər nazirinin müavini Oruc Zalov və digər rəsmilər hadisə yerində olublar.

Yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb. Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan 10 nəfər tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Bu barədə 6 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi məlumat verib. Həkim bildirib ki, ilkin yardım göstərildikdən sonra onlar evə buraxılıblar.

Ümumilikdə isə yanğının sahəsi 2 hektardan artıq olub. Alov ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililərə də keçib. Əsasən tikinti materialları və geyim əşyaları yanıb.

Hadisə zamanı xeyli sayda obyekt sahibinə külli miqdarda ziyan dəyib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov obyekt sahiblərinə dəyən ziyanla bağlı kompensasiya məsləsinə də aydınlıq gətirib.

Yanğının qısa bir zamanda böyük bir ərazini əhatə etməsi ilə bağlı nazirlikdən o da bildirilib ki, ticarət mərkəzinin heç bir mərtəbəsində yanğınsöndürmə sistemi olmayıb. Məhz bu səbəbdən də yanğın sürətlə yayılıb. Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzovun sözlərinə görə, obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizlik qaydalarına ciddi nəzarət olunmayıb. Araşdırmalardan sonra yanğının səbəbi məlum olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar