Xəzər Xəbər

Ticarət mərkəzində güclü yanğın dönərxanadan başlayıb - TƏFƏRRÜAT - VİDEO

Veb TV | 12:52 • 26 Mart 2019
Ticarət mərkəzində güclü yanğın dönərxanadan başlayıb -

Bakıda bazarda başlayan yanğın yaxınlıqdakı ticarət mərkəzini də ağuşuna alıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında paytaxtın Nizami rayonu 8-ci kilometr bazarında baş verib. Məlumata görə, yanğın ilk olaraq bazara bitişik dönərxanadan başlayıb. Daha sonra alovun miqyası böyüyüb və yaxınlıqdakı ''Diqlas'' ticarət mərkəzinə keçib.

Hadisəni görən obyekt sahibləri dərhal yanğınsöndürənlərə məlumat veriblər. Əraziyə 10-dan çox yanğınsöndürən avtomobil və xeyli canlı qüvvə cəlb edilib. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.

"Diqlas" Ticarət Mərkəzində və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub. Helikopterlər bir neçə dəfə dənizdən su götürərək ticarət mərkəzindəki yanğına müdaxilə ediblər.

Yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb. Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan 10 nəfər tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Bu barədə 6 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi məlumat verib. Həkim bildirib ki, onlara ilkin yardım edildikdən sonra evə buxraılıblar.

Təhlükəsizliyi təmin etmək məqsədi ilə Qara Qarayev prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar müvəqqəti olaraq Bəkir Çobanzadə küçəsinə yönləndirilib.

Bir neçə saat davam edən yanğını çətinliklə də olsa, söndürmək mümkün olub. Hadisə zamanı xeyli sayda obyekt sahibinə külli miqdarda ziyan dəyib. Dövlət rəsmiləri Bakıda yanğının baş verdiyi əraziyə gəliblər. Fövqəladə hallar naziri Kamələddin Heydərov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Daxili İşlər Nazirinin müavini Oruc Zalov və digər rəsmilər hadisə yerində olublar.

Nazir Kəmaləddin Heydərov açıqlamasında bildirib ki, yanğının qonşuluqdakı tikililərə keçməsinə imkan verilməyib, əks halda, hadisənin qarşısını almaq çox çətin olardı. O, ticarət mərkəzinin çöl hissəsinin alkoponla üzləndiyini və bunun da yanan maddə olduğunu bildirib. Bundan əlavə, Kəmaləddin Heydərov sahibkarlara kompensasiya verilməsinə də münasibət bildirib. "Hər bir obyektin sahibi mallarını siğortalamalıdır. Dövlət tərəfindən kompensasiya olunması qanunən düzgün deyil. Bu, özəl müəssisədir. Bunlar sonrakı proseslərdə müzakirə olunacaq məsələlərdir. Buna mən qərar vermirəm",- deyə nazir bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Çox oxunanlar