Lənkəranda yaşayan tarix müəllimi qeyri-adi bacarığı ilə həmkarlarından fərqlənir. O, heç bir köməkçi vasitəyə baxmadan istənilən ölkənin xəritəsini dəqiqliklə çəkə bilir. Gənc müəllimin digər bacarığı isə ağac üzərində yandırma üsulu ilə maraqlı kompozisiyalar və portretlər yaratmasıdır.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Lənkəranın Sütəmurdov kəndində yaşayan Vüsal Cabbarovdan gedir.
Tarixi müəllimi olan Vüsal Cabbarovun coğrafi bilikləri də çox yüksəkdir. O, heç bir köməkçi vasitəyə baxmadan dünyanın istənilən ölkəsinin xəritəsini dəqiqliklə çəkə bilir. Bura təkcə indiki yox, qədim dövlətlər də aiddir. Gənc müəllimin bu qeyri-adi bacarığı məktəbdə tarix fənnini tədris edərkən xəritələrə tez-tez müraciət etmək zərurətindən yaranıb.
Vüsal Cabbarovun digər bacarığı isə ağac üzərində yandırma üsulu ilə maraqlı kompozisiyalar və portretlər yaratmasıdır. Bu üsulla təsviri incəsənət nümunələri yaratmaq daha çətin olduğundan gənc müəllimin 1 ilə qədər üzərində çalışdığı kompozisiyalar da var.
Vüsal Cabbarov deyir ki, bu üsul rəngkarlıqdan xeyli fərqli və çətindir.
Vüsal Cabbarov əl işlərinə görə respublika əhəmiyyətli sərgilərdə diplomlarla təltif edilib. Maraqlı əl işlərinə imza atan tarix müəlliminə artıq sifarişlər də gəlir. Amma o, sözügedən əl işlərini satmağa tələsmir. Əsərlərini satmamışdan əvvəl onlara müəlliflik hüququ almağı düşünür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: