"Dağlıq Qarabağ münaqişəsi BMT qətnamələri əsasında həll olunmalıdır".
Bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev VII Qlobal Bakı Forumu çərçivəsində deyib.
"Azərbaycanın işğal olunmuş bölgələrinin azad edilməsini və qaçqınların geri qaytarılmasını nəzərdə tutan Madrid prinsipi və Kazan formulu var. Amma təəssüflər olsun ki, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağa dair danışıqları uzatmaq istədiyinin şahidi oluruq", - D.Savelyev bildirib.
O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə Azərbaycanın xarici siyasətinin dəyişməz və sabit olduğunu qeyd edib.
"Azərbaycan heç vaxt öz torpaqlarını azad etməklə bağlı milli ideyasından əl çəkməyəcək. Bu, hələ də məsələni yaxşı anlamayanların hamısına aydın olmalıdır. Hesab edirəm ki, Rusiya bu münaqişəni həll etmək üçün ATƏT-in Minsk qrupu çərçivəsində daha fəal işləməlidir", - rusiyalı deputat fikrini tamamlayıb.