2 ildən az təcrübəsi olan sürücülər paytaxtda marşrut avtobusu idarə edə bilməyəcək. Bu açıqlama Bakı Nəqliyyat Agentliyində keçirilən mətbuat konfransında verilib. Həmçinin qeyd edilib ki, bütün sürücülər xüsusi hazırlıqlara cəlb olunacaq.
Paytaxtdakı bütün marşrut avtobuslarının sürücüləri üçün xüsusi təlim keçiriləcək.
Bu barədə məlumat Bakı Nəqliyyat Agentliyində Nazirlər Kabinetinin təsdiq etdiyi tələblərlə bağlı keçirilən mətbuat konfransında verilib. Qeyd edilib ki, avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi iki ildən az olan sürücülər marşrut xətlərində avtobus idarə edə bilməyəcək. Bundan əlavə həm yeni, həm də əvvəlki sürcülər Agentlik tərəfindən xüsusi hazırlıqlara cəlb olunacaq.
Qaydalara əsasən sürücü avtobusu yalnız ilk və son dayanacaq məntəqəsində dayandırıb gözləyə bilər. Bütün aralıq dayanacaq məntəqələrində avtobus sürücüsü avtobusu yalnız sərnişinlərin minib-düşməsi üçün zəruri olan müddətdə dayandırmalıdır. Sürücü avtobusu marşrut sxemi üzrə bütün dayanacaq məntəqələrində dayandırmalıdır. Habelə dayanacaq məntəqəsində dayanmış avtobus varsa, ondan qabağa keçərək dayandırmaq qadağandır.
Həmçinin qeyd olunub ki, iyun ayında paytaxta 300 ədəd müasir avtobus gətiriləcək.
Bundan sonra daşıyıcılar da müsabiqə əsasında seçiləcək.