Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində bu gün paytaxtın mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan ədəbiyyatı Muzeyinin qarşısında "Bakı 2019: Ulduzlar Finalı" adlı qarşılaşma keçirilib. Prezident İlham Əliyev və qızı Leyla Əliyeva qarşılaşmaya baxıblar.
"Bakı 2019: Ulduzlar Finalı"nda "Qərb Ulduzları" və "Şərq Ulduzları" komandaları qarşılaşıblar. Oyunda məşhur futbolçular Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza, Hamit Altıntop, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, eləcə də yerli veteran futbolçulardan Nazim Süleymanov və UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununun səfiri Vəli Qasımov iştirak ediblər. Bundan başqa, Regionlar Liqasından Şöhrət Rəhimov, azarkeşlər arasında keçirilmiş müsabiqə əsasında seçilən Zaman Zahirzadə, Məhəmməd Tanrıverdiyev və Avropa Liqasının finalına həsr olunmuş "İntellektual Kubok"un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov da meydana çıxıblar.
Əvvəlcə Prezident İlham Əliyev oyunda iştirak edən futbolçularla görüşüb. UEFA Avropa Liqasının kuboku Prezident İlham Əliyevə təqdim edilib. Sonra xatirə şəkli çəkdirilib. Daha sonra oyun başlayıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş "Qərb Ulduzları" komandasının 11:10 hesablı qələbəsi ilə başa çatıb. Prezident İlham Əliyev oyunu izləyən gənc azarkeşlərlə görüşüb, xatirə şəkilləri çəkdirib.
Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi futbol üzrə UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyununun 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edib. UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan paytaxtında silsilə tədbirlər təşkil olunur.
Bu mötəbər futbol turnirinin kubok səyahətinə martın 9-da Cenevrədə start veriləcək. Sevilya, Berlin, London, Milan, MoskvavəParisdən sonra kubok mayın 16-da rəsmi qaydada Bakıya gətiriləcək.