Xəzər Xəbər

Bakıda futbol məktəbində yanğın baş verib - VİDEO

Veb TV | 19:22 • 2 Mart 2019
Bakıda futbol məktəbində yanğın baş verib -

Bakıda futbol məktəbində güclü yanğın baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəki Təhsil Nazirliyinin ''Vətən Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol'' məktəbinin yataqxanasında qeydə alınıb.

Yataqxananın dam örtüyündə yanğını görən idman müəllimləri dərhal uşaqları ərazidən təxliyə ediblər. Daha sonra isə yanğınsöndürənlərə məlumat verilib.

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri gəlib və alova müdaxilə ediblər. Bir neçə yanğınsöndürən avtomobil və canlı qüvvənin köməyi ilə yanğın söndürülüb. Hadisə zamanı məktəbin kollektivi və ya yanğınsöndürənlər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, məktəbin yataqxanasında qaz olmayıb. Bu səbəbdən də hadisənin elektrik xətlərindəki qısaqapanmadan baş verdiyi ehtimal edilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, futbol məktəbinin ümumi sahəsi 800 kvadrat metr olan birmərtəbəli təlim-məşq binasında sauna otağının lambirindən ibarət üzlüyü 40 kvadrat metr sahədə və dam örtüyünün yanar konstruksiyaları 600 kvadratmetr sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Hazırda yanğının baş vermə səbəbi araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar