Sərhədçilər narkotik qaçaqmalçılarının qarşısını alıb.
Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində keçirilmiş tədbirlər nəticəsində 17 kq 285 qram narkotik vasitənin və 3000 ədəd psixotrop maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb. "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycana doğru hərəkət edən 2 nəfər naməlum şəxsinhərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının "dayan" əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb lakin sərhəd pozucuları əllərindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar. Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, 2 ədəd torbalarda 4 kq 75 qr "heroin" və 4 kq 290 qr "marixuana" aşkar olunaraq götürülüb.
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində isə Cəlilabad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən əraziyə baxış keçirilərkən 2 ədəd sahibsiz halda bağlama aşkarlanıb. Bağlamalara baxış zamanı 7 kq 900 qr "tiryək", 1 kq 20 qr "heroin", 3000 psixotrop maddə və 2 qutu tütün məmulatları aşkarlanıb.
Naxçıvanda isə gömrükçülər əməliyyat zamanı qaçaqmalçını tutublar.Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsindən keçməklə Naxçıvana gələn İran vətəndaşı PeimanGolsanamlou idarə etdiyi yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zamanşübhəli təsvirlər müəyyən olunub. Avtomobilə yüklənmiş mərmərin içərisindəki şübhəli daşa gömrükçülər tərəfindən baxış həyata keçirilib. Bu zaman 4 ədəd plastik butulkaya yığılmaqla həmin daşın içinə yerləşdirmə üsulu ilə gizlədilmiş 8 kq 169 qram narkotik vasitə - tiryək aşkar edilərək götürülüb. Narkotik gizlədilmiş nəqliyyat vasitəsinin Naxçıvan ərazisindən tranzit keçməklə Türkiyəüzərindən Avropaya gedəcəyi müəyyən olunub.
"Biləsuvar" gömrük postunda İrandan gələn 4 nəfər Azərbaycan vətəndaşı piyada xətti ilə gömrük nəzarəti salonuna daxil olub. Öncə, onlardan 2 nəfəri əl yüklərini birlikdə gömrük nəzarətinə təqdim ediblər. Yoxlanılarkən monitorda həmin yüklərə daxil olan 1 ədəd qazan dəstinin içində şübhəli predmetlərin olması müşahidə edilib. Bu vaxt sözügedən vətəndaşlarla birlikdə gələn digər 2 nəfər də ardıcıl olaraq əl yüklərini rentgen aparatına qoyublar. Yoxlama zamanı, həmin yüklərə daxil olan daha 1 ədəd qazan dəstinin içində də şübhəli predmetlərin təsviri görünüb.
Daha sonra bütün əl yüklərinə təkrar baxış keçirilib. Nəticədə aşkar edilən bütün predmetlər qazanların içərisində onların diametrinə uyğun olaraq sonradan yapışdırılmış və üzü boyanmış metal lövhələrin altında gizlədilsə də, lakin bu gizlətmə üsulu da gömrük nəzarətindən keçməyib. Beləliklə, bu cəhdin qarşısının alınması nəticəsində ümumilikdə 1009 qram heroin və 305 qram psixotrop maddə aşkar edilib.Bütün faktlarla bağı cinayət işi başlanıb.