Prezident İlham Əliyev fevralın 28-də Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın başçılıq etdiyi, bu qurumun baş katibi Antonio Lopez-İsturiz və Asiya və Sakit okean regionu üzrə baş əlaqələndiricisi Sezar Rosellonun daxil olduğu nümayəndə heyətini qəbul edib.
XəzərXəbər xəbər verir ki, prezident İlham Əliyev səfərin və aparılan müzakirələrin ölkəmizlə bu təsisat arasında əməkdaşlıq və dialoqun inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrana rəhbərlik etdiyi təşkilatın gündəliyində duran məsələlər və həyata keçirilən tədbirlər barədə məlumat verib.O, səfər çərçivəsində məcburi köçkünlərlə görüşdüklərini və Azərbaycan hökuməti tərəfindən onların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən sosial təyinatlı işlərin nümunəvi olduğunu bildirib.
Görüşdə, həmçinin Mərkəzçi Demokratlar İnternasionalı ilə Azərbaycan, xüsusilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.