Ermənistanın müdafiə naziri ölkəsinin yeni silah növləri əldə etməsi ilə bağlı açıqlama verib. O bildirib ki, ermənistan müdafiə strategiyasını dəyişir. David Tonoyanın bu açılamasına Azərbaycan Xarici İşlər və Müdafiə Nazirliklərinin cavabı gecikməyib. Verilən bəyanatlarda qeyd edilib ki, nazirin bu çıxışı ermənistanın açıq təcavüzkar siyasətinin bariz göstəricisidir. Bu cür ucuz bəyanatlarla da Azərbaycanı qorxutmaq mümkün deyil. Həmçinin, Tonoyan mülki şəxsdir və onun hərbi strategiyadan heç bir anlayışı yoxdur.
Ermənistan müdafiə strategiyasını dəyişir və yeni silah növləri əldə edərək, hücum strategiyasını tətbiq etməyə başlayır. Bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bəyan edib. Tonoyan deyib ki, "Psixologiya dəyişir, yanaşmalar dəyişir. Çünki müdafiə vəziyyətində olan ordular adətən məğlubiyyətə uğrayırlar. Odur ki, müdafiə mövqelərində qalmaq niyyətində deyilik"
Ermənistan müdafiə nazirinin bu müsahibəsinə Azərbaycan Xarici İşlər nazirliyi cavab verib. Nazirliyin bəyanatında qeyd edilir ki, Ermənistan rəsmilərinin bu kimi ucuz təbliğat xarakterli bəyanatları ilə Azərbaycanı qorxutmaq mümkün deyil.Bu gün ölkəmiz kifayət qədər güclü, peşəkar və işğal olunmuş torpaqarı azad etmək əzmində və iqtidarında olan vətənpərvər Silahlı Qüvvələrə sahibdir.
Vurğulanıb ki, David Tonoyan ölkəsinin 27 il öncə işğal etdiyi Xocalı şəhərinin dinc sakinlərinin soyqırımının ildönümü günü Ermənistanın hücum silahları alması ilə əlaqədar bəyanatla çıxış edib.Bu da Ermənistanın açıq təcavüzkar siyasətinin bariz göstəricisidir. Erməni müdafiə nazirinin bu bəyanatı kimin sülh istədiyini, kimin isə işğalçılıq siyasəti yürüdərək hücum xarakterli silahlar əldə etdiyini beynəlxalq ictimaiyyətə aydın şəkildə nümayiş etdirir.
David Tonayanın çıxışına Azərbaycan Müdafiə Nazirliyi də münasibət bildirib. Vurğulanıb ki, Tonoyan mülki şəxsdir və onun hərbi strategiyanın, daha dəqiq desək, müdafiə və hücumun nədən ibarət olması barədə heç bir anlayışı yoxdur. Nazirliyin açıqlamasında qeyd edilib ki, David Tonoyan müdafiə nazirinin müavini olduğu vaxt - 2016-cı ilin Aprel döyüşlərində, eləcə də nazir vəzifəsində çalışdığı dövrdə baş verən Günnüt əməliyyatı zamanı "hücuma keçmək" istəyən Ermənistan ordusunun döyüş meydanından necə qaçdığının şahidi olmuşuq. Onun hərbi sahədə diletant olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, bu populist fikirlər yalnız daxili auditoriya üçün nəzərdə tutulub və hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmir.