Xəzər Xəbər

Ötən əsrin faciəsi: Xocalı soyqırımından 27 il ötür VİDEO

Veb TV | 19:52 • 26 Fevral 2019
Ötən əsrin faciəsi: Xocalı soyqırımından 27 il ötür

Tarixi faktlar göstərir ki, azərbaycanlılar erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalıb. Ərazilərimizin təqribən beşdə biri işğal edilib, zəbt olunmuş torpaqlarda və Ermənistanın öz ərazisində bir milyondan artıq köklü Azərbaycanlıya qarşı etnik təmizləmə aparılıb. Müharibənin gedişinin ən faciəvi səhifəsi isə Xocalı şəhərinin işğalı olub.

Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində müharibədən əvvəl 7 min insan yaşayırdı. 1991-ci ilin oktyabrından şəhər Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə mühasirəyə alınıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal edib. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törədiblər.

613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon dollardan artıq ziyan vurulub.

Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, orada törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlib. Beynəlxalq hüquqa görə belə hərəkətlər "soyqırımı" anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır. Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə də bir neçə beynəlxalq konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda növbəti ümumxalq yürüşü dünya ictimaiyyətinə bir mesajdır ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, ərazi bütövlüyünü bərpa edəcək. Hər kəsə aydın olmalıdır ki, Xocalı soyqırımını törədənlərin cəzasız qalması, münaqişənin nizama salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh və sabitlik üçün təhlükə törədir. Bunu 2016-cı il aprel ayının əvvəllərində cəbhə xəttində baş vermiş hadisələr bir daha sübut edir. Aprel döyüşləri və ötən ilin mayında Naxçıvan əməliyyatı sübut etdi ki, torpaqlarımız yağı düşməndən azad ediləcək, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Xəbər lenti