Xocalı faciəsinin soyqırımı kimi tanıdılması Azərbaycan dövlətinin prioritetlərindən biridir. Təsadüfi deyil ki, bu istiqamətdə müntəzəm işlər aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan Xocalıya ədalət beynəlxalq kampaniyası bu baxımdan xüsusi yer tutur. Bütün bu görülən işlərin nəticəsində Amerikanın 22 ştatı və 15 ölkənin parlamenti Xocalı faciəsini rəsmi olaraq soyqırımı kimi tanıyır. Ancaq bu insanlıq faciəsinin dünyaya daha geniş tanıdılması üçün işlər hələ bitməyib.
Dünyanın bir sıra ölkələri Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bu isə 2004-cü ildən başlayaraq, bu faciənin dünyada tanıdılması üçün həyata keçirilən sistemli tədbirlər nəticəsində mümkün olub. Bu faciənin dünyada tanıdılmasında ən önəmli addımlardan biri isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə atılan Xocalıya Ədalət Beynəlxalq Kampaniyasıdır. Bu kampaniyanın əsas məqsədi dünya ictimaiyyətinin diqqətini Xocalı faciəsinə yönəltmək, onu törədənlərin məsuliyyətə cəlb olunmasına nail olmaq və bu faciədən əziyyət çəkən ailələrə dəstək olmaqdır.
Leyla Əliyeva bu çərçivədə keçirilən tədbirlərdə dəfələrlə şəxsən iştirak edib və Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Kampaniya bir çox ölkələrdə çox aktiv şəkildə fəaliyyət göstərir və hazırda 100 mindən çox şəxs və 115 təşkilat bu fəaliyyəti dəstəkləyir. Bu kampaniya çərçivəsində xaricdə keçirilən tədbirlərə həmin ölkələrin ictimai-siyasi xadimləri dəvət edilib və soyqırımının reallıqları barədə onlara geniş məlumat verilib. Bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar təşkil olunub, kitablar nəşr edilib və filmlər çəkilib.
Xocalı Faciəsinin dünyada tanıdılmasında ən vacib təbdirlərdən biri isə 2012-ci ldə Türkiyənin İstanbul şəhərində 60 min insanın iştirak etdiyi böyük yürüş olmuşdu. Bu barədə nəinki Türkiyə mediası, hətta dünya mətbuatı da geniş yazılar dərc etmişdi. Bir neçə gün öncə Belçikanın paytaxtı Brüsseldə də çox sayda azərbaycanlı fəalın iştirakı ilə keçirilən mitinqdə də Xocalı faciəsi ilə bağlı həqiqətlər Avropa ictimaiyyətinin diqqətinə çatdırılıb. "Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyir ki, faciənin tanıdılması üçün xaricdə aparılan təbliğat və təşviqat prosesləri öz nəticəsini verməkdədir.
Xocalı Soyqırımını tanıyan ölkələr isə Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya-Hersoqovina, Peru, Honduras, Sudan və Rumıniyadır. Bundan başqa, 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı Soyqırımını tanıyıb. Bununla bağlı təşkilatın bir neçə qətnaməsi var. Bundan başqa, Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən edib.