Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
XəzərXəbər xəbər verir ki, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endirilib.
Azərbaycan paytaxtının on minlərlə sakini fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, şəhidlərin xatirəsini ehtiramla anıb, abidənin önünə qərənfillər düzüblər.
Respublikamızın bütün şəhər və bölgələrində, xarici ölkələrdə anım mərasimləri keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qeyd edək ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70-i qocalar olub. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülənlərdən 197-nin taleyi hələ də məlum deyil.