Xocalı soyqırımı ilə bağlı 39 nəfər beynəlxalq axtarışa verilib. Onların arasında Rusiya və Azərbaycan vətəndaşları da var. Bu açıqlama soyqırımının 27-ci idönümü ilə bağlı Xarici Işlər Nazirliyində keçirilən mətbuat konfransında verilib. Konfransda Xarici Işlər Nazirliyi və Respublika Hərbi Prokurorluğunun Xocalı soyqırımı ilə bağlı birgə bəyanatı da oxunub.
Xocalı Soyqırımı ilə bağlı 39 nəfər barəsində cinayət işi başlanılıb.
Bu barədə məlumat Xocalı Soyqırımının 27-ci idönümü ilə bağlı Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında verilib. Konfransda Xarici İşlər Nazirliyi və Respublika Hərbi Prokurorluğunun soyqırımı ilə bağlı birgə bəyanatı oxunub. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edib. Orada etnik azərbaycanlılara qarşı soyqırımı törədilib. Həmin gecə 613 Xocalı sakini qətlə yetirilib, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
16 dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə və qərarlar qəbul edib. Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev isə deyib ki, Qarabağda baş vermiş hadisələrlə bağlı 305 şəxs barəsində cinayət işi başlanılıb və beynəlxalq axtarışa verilib. Onlardan 39-u Xocalıda törədilmiş cinayətlə əlaqəlidir.
Axtarışa verilən şəxslər arasında Rusiya və Azərbaycan vətəndaşları da var.