"Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətlərini daha da genişləndirib, Azərbaycanın təbii və mineral sərvətlərini istismar edir, dünya bazarlarında satışa çıxarırlar". Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Azərbaycanın Ermənistanın işğalı altinda olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar" adlı hesabatın təqdimatı mərasimində deyib.
Şöbə müdirinin sözlərinə görə, beynəlxalq qanunvericiliyə əsasən, işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərmək qadağan olunsa da, Ermənistan tərəfi bu qanunlara əməl etmir. Azərbaycan tərəfinin müraciəti əsasinda ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş ərazilərimizdə monitorinq keçirib və Ermənistanın qanunsuz fəaliyyəti təsdiq olunub. Bu isə münaqişənin sülh yolu ilə həllinə maneə törədir
Hikmət Hacıyev vurğulayıb ki, Ermənistan tərəfi humanitar siyasət adı altında öz çirkin məqsədlərini həyata keçirərək, Suriyadan erməniləri işğal edilmiş Azərbaycan ərazilərinə köçürür. Şöbə müdirinin sözlərinə görə, beynəlxalq qanunlara əsasən, insanları kütləvi şəkildə münaqişə zonasına köçürmək yolverilməzdir. "Ermənistan tərəfi buna məhəl qoymur və öz qanunsuz fəaliyyətini davam etdirir. Bu, bir daha göstərir ki, Ermənistan tərəfi Dağlıq Qarabag münaqişəsinin sülh yolu ilə həll olunmasında maraqli deyil",- deyə Hikmət Hacıyev bildirib.
"Azərkosmos" ASC-nin sədr müavini Rövşən Rüstəmov mütəmadi olaraq işğal edilmiş torpaqlarda peyk vasitəsilə monitorinqlərin aparıldığını və ermənilərin törətdikləri qanunazidd əməllərin müəyyən edildiyini bildirib.
Hesabatın təqdimatı zamanı beynəlxalq təşkilatlara və digər dövlətlərə müraciət edilib ki, özlərinin hüquqi və fiziki şəxslərini Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməkdən çəkindirsinlər.