Xəzər Xəbər

Vyanada Xocalı soyqırımı qurbanlarına həsr olunan sərgi açılıb VİDEO

Veb TV | 18:25 • 23 Fevral 2019
Vyanada Xocalı soyqırımı qurbanlarına həsr olunan sərgi açılıb

Fevralın 22-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının ildönümünə həsr olunan anım tədbiri keçirilib.

XəzərXəbər xəbər verir ki, tədbiri açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan xalqının tarixində ən faciəvi səhifələrdən biri olan Xocalı hadisələri barədə məlumat verib. Qeyd edilib ki, 27 il bundan öncə törədilmiş soyqırımına hələ də beynəlxalq hüquqi qiymət verilməyib. L.Qasımova tədbirin ərsəyə gəlməsində göstərdiyi əməkdaşlığa görə Avstriya Azərbaycanlıları Cəmiyyətinə təşəkkür edib.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov bildirib ki, münaqişədən əvvəl – 1987-ci ildə yeddi min əhalisi olan Xocalı şəhərində 1992-ci ilin fevral günlərində üç min dinc sakin var idi. 366-cı motoatıcı alayın dəstəyindən istifadə edən erməni silahlı qüvvələri fevralın 25-dən 26-na keçən gecə dinc sakinlərə qarşı qətliam törətdilər, bu şəhəri yer üzündən sildilər. Xocalı faciəsində 613 nəfər qəddarcasına qətlə yetirildi, yüzlərlə sakin yaralandı, əsir götürüldü və ya itkin düşdü. Həmin gecə Xocalı sakinləri məhz azərbaycanlı olduqlarına və bu etnik mənsubiyyətlərinə görə soyqırımına məruz qaldılar. Beynəlxalq hüquq və normalara görə həmin hadisə soyqırımı şərtlərinə cavab verir.

Qeyd edilib ki, Azərbaycan dövləti tərəfindən bu faciəyə hüquqi qiymət verilib və bu soyqırımının beynəlxalq müstəvidə tanıdılması, ona ədalətli qiymətin verilməsi istiqamətində mütəmadi iş aparılır. Bu kontekstdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” kampaniyası və həmin kampaniya çərçivəsində görülən işlər diqqətə çatdırılıb.

Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında bildirib ki, törədilən hər bir cinayətə görə Cinayət Məcəlləsində cəza nəzərdə tutulur və cinayətkarlar cəzalandırılır. 27 il bundan öncə Xocalı soyqırımını törədənlər isə hələ də bu bəşəri cinayətə görə ədalət qarşısında mühakimə olunmayıblar. Xocalı və digər şəhər-kəndlərdə əli dinc azərbaycanlı sakinlərin qanına batan cinayətkarlar sonradan Ermənistanda hakimiyyətə gəlsələr də, bu ölkədə baş verən inqilabdan sonra onların bir qismini cinayət mühakiməsi gözləyir və Xocalıda törətdikləri bəşəri cinayətlərə görə də cavab verəcəkləri gün gələcək.

Bahar Muradova vurğulayıb ki, indiyədək dünyanın on beş ölkəsində Xocalı faciəsinin soyqırımı kimi tanındığı qərarlar qəbul olunub və bu proses davam edir. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması bir tərəfdən günahsız qurbanların ruhu qarşısında ədalətin bərpasına xidmət edir, digər tərəfdən isə dünyada bir daha bu kimi dəhşətlərin baş verməməsi üçün çağırış rolunu oynayır.

Sonra Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətli Xocalı soyqırımına həsr olunmuş sərgi barədə məlumat verib. Qeyd edib ki, həmin hadisələrin baş verdiyi gün nəzərə alınaraq sərgidə 25 əsər təqdim olunur.

Tədbir çərçivəsində yazıçı, publisist və müstəqil jurnalist Səriyyə Cəfərovanın müəllifi olduğu "Onlar heç zaman böyüməyəcəklər” sənədli filmi təqdim edilib.

Xəbər lenti

Çox oxunanlar