İsmayıllıda zavoddan 75 min manatlıq qurğu və material oğurlayan şəxslər saxlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, İsmayıllıda fəaliyyət göstərən istehsal müəssisələrinin birində ilin yekununda yoxlamalar aparılıb və ümumi dəyəri 75 min manatdan artıq müxtəlif qurğuların ötən il ərzində oğurlandığı ortaya çıxıb. Bu barədə rayon polis şöbəsinə məlumat verilib və axtarışlara başlanılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən 4 nəfər - Göyçayın Qarayazı kənd sakini Əkbər Talıbov, onun qohumu Məhəmməd Talıbov, həmkəndlisi Səfa Abbasov və İsmayıllının Kürdmaşı kənd sakini Hüseyn Cəbiyev saxlanılıb. Məlum olub ki, onlar ötən ilin aprelindən bu ilin yanvarın 1-dək müəssisənin anbarına 5 dəfə daxil olaraq müxtəlif qurğular və mis tərkibli materiallar oğurlayıblar. Oğurladıqları əşyaları isə metaləritmə zavodlarına sataraq pulu aralarında bölüblər. Saxlanılan şəxslər oğurluq təklifinin əvvəllər həmin zavodda işləmiş Əkbər Talıbovdan gəldiyini deyiblər.
Abşeronda isə vətəndaşlardan mobil telefonları alıb qaçan şəxslər saxlanılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkumluq həyatı yaşamış Xəqani Şirinov və dostu Toğrul Məmmədov tutulub. Məlum olub ki, onlar Xırdalanda sakinlərə yaxınlaşaraq onların mobil telefonları danışmaq adı alaraq aradan çıxıblar.
Araşdırma zamanı Xəqani Şirinovun Saray qəsəbəsində mənzillərdən oğurluq etdiyi də ortaya çıxıb.
Abşeron polisinin keçirdiyi digər əməliyyatla isə Qobu və Hökməli ərazilərində 10-a yaxın avtomobillərin yan şüşələrini qıraraq oğurluq edən Ruhəddin Novruzov saxlanılıb.
Bütün faktlarla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: