Tələbələrə şad xəbərimiz var. 110 minə yaxın təhsil alanın təqaüdü artırılıb. Prezident İlham Əliyev bununla əlaqədar olaraq 2 sərəncam və 1 fərman imzalayıb.
Tələbələrin təaqüdləri artırıldı. Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə və təhsil ictimaiyyətinə diqqət və qayğısı davam edir. Dövlət başçısı Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, elmlər doktoru hazırlığı üzrə doktorantlara 300 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara isə 180 manat təqaüd təyin edilib. Ali təhsil müəssisələrində və Milli Elmlər Akademiyasında adlı təqaüd alan tələbələrə 170 manat təqaüd veriləcək. Magistratura səviyyəsi üzrə isə akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 145 manat, 71-100 bal olan tələbələrə - 120 manat, 51-100 bal olan tələbələrə isə80 manat təqaüd müəyyən edilib. Bakalavriat səviyyəsində təhsil alanların da təqaüdləri artırılıb. Bu səviyyə üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 130 manat, 71-100 bal olan tələbələrə - 110 manat, 51-100 bal olan tələbələr isə 75 manat təqaüd alacaqlar.
Orta ixtisas təhsili müəssisələrində isə akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 75 manat, 71-100 bal olan tələbələrə - 60 manat, 51-100 bal olan tələbələrə - 50 manat təqaüd veriləcək. Peşə təhsili müəssisələrinin tələbələrinə isə 50 manat təqaüd təyin edilib.
Dövlət başçısı həmçinin, Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə də sərəncam imzalayıb. Sərəncama əsasən, Ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16 min vahid artırılıb. Eləcə də təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması qərara alınıb.
Prezident İlham Əliyevin imzaladığı fərmanla isə "Ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Prezidentin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilib. Dəyişikliyə əsasən Prezident təqaüdünün məğləği artırılaraq 185 manatdan 210 manata çatdırılıb. Fərman martın 1-dən qüvvəyə minir.
Təhsil Nazirliyindən bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 110 minə yaxın təhsilalanın sosial müdafiəsi gücləndiriləcək. Dövlət büdcəsinin vəsaiti hesabına martın 1-dən təqaüdlər orta hesabla 20%-ə yaxın artacaq.