Güclü partlayış evi tamamilə uçurub.
Hadisə səhərə yaxın paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində baş verib. Məlumata görə, Köçəri Umudova məxsus evlərdən birində qəfil partlayış olub. Partlayış o qədər güclü olub ki, ikiotaqlı ev tamamilə uçub. Zərərçəkmiş ev sahibi deyir ki, hadisə zamanı onlar həyətdəki digər evdə yatan olublar.
Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Dağıntılar altında qalanların olması ehtimalı ilə əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupu da xilasetmə işlərinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi və ilkin axtarışlar nəticəsində dağıntılar altında heç kimin olmadığı müəyyən edilib. Ümumiyyətlə hadisə zamanı xəsarət alan olmayıb.
Partlayışın təsirindən ətrafda olan 10-dan çox evə də ziyan dəyib. Evlərin dam örtüyü və pəncərələri qırılıb, divarlarında isə çatlar əmələ gəlib. Partlayış baş verən evə yaxın olan bir ev isə tam qəzalı vəziyyətə düşüb.
Səhər saatlarında hadisə yerinə ''Azəriqaz'' İstehsalat Birliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. Hadisə yerində olan qurumların əməkdaşları da partlayışın qaz sızmasından baş verə biləcəyini ehtimal edirlər. Uçan evin hər bir tərəfi isə xüsusi cihazlar vasitəsilə yoxlanılır.