Qəfil alovlanan təkər tullantılarının tüstüsü ətrafı bürüyüb.
Hadisə paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsində yerləşən ''Duzlu gölün'' yaxınlığında baş verib. Naməlum şəxs və ya şəxslər təkər tullantılarının olduğu əraziyə od vurublar. Nəticədə ətrafı qara tüstü bürüyüb. Əraziyə bir neçə yanğınsöndürən avtomobillər çağırıldıqdan sonra yanğın qısa zamanda söndürülüb. Görüntüləri yaxınlıqda yaşayan sakinlərdən biri mobil telefonla çəkərək Xəzər Xəbər-in votsap nömrəsinə göndərib.
Kimlərinsə məsuliyyətsizliyi ucbatından yaşanan bu hadisə nəticəsində yaxınlıqda yaşayan sakinlərlə yanaşı, ekologiyaya da ziyan dəyib. Elə bunu nəzərə alan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə baş verən əraziyə baxış keçiriblər. Qurumun mütəxəssisləri atmosferə yayılan qara tüstü ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün araşdırmalara başlayıblar.
Nazirliyin nümayəndəsi Xəzər Vəliyevin sözlərinə görə, bəzi vətəndaşlar düşünürlər ki, tullantılara sadəcə od vurub yandırmaqla özlərini məsuliyyətdən azad etmiş olacaqlar. Əslində isə bu bir qanun pozuntusudur və buna görə də məsuliyyət nəzərdə tutulur. Qurum rəsmisi onu da bildirdi ki, konkret olaraq bu hadisə nəticəsində atmosferə dəyən ziyan müəyyən ediləcək və buna səbəb olanlar cərimələnəcəklər.
Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hadisəni törədən şəxs və şəxslərin tapılması üçün polisə müraciət olunub.