Bakıda rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxslər tutulub.
Xezerxeber.az-ın məlumatına görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbiri nəticəsində Bülbülə qəsəbəsində yerləşən 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus quyudan 220 metr kabeli oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Alırzayev, Tovuz rayon sakinləri Xəqani Ələkbərov və Nicat Yusifov tutulublar.
Həmin şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri oğurladıqları kabeli sataraq əldə etdikləri pulu aralarında bölüblər.
Faktla bağlı rayon polis idarəsində cinayət işi başlanıb.
Binəqədi Rayonun 6-cı mikrorayon ərazisində isə Bakı şəhər sakini Elnur Məmmədova məxsus evdən oğurluğa cəhd edilib. Rayon Mühafizə İdarəsi və 7-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, paytaxt sakini Elşən Əsgərov saxlanılıb. Bölmədə onun üzərinə baxış zamanı oğurluqda istifadə etdiyi dəmir alətlər və 1 qramdan çox narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Elnur Əsgərovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun ötən ayın 25-dən 31-dək olan müddətdə Binəqədi rayonu ərazisində daha 4 mənzildən məişət əşyaları, 3 ədəd velosiped və digər əşyalar oğurladığı məlum olub. Faktla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün polis idarəsinə göndərilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: