Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Yevlax şəhərində yolətrafı yaşıllıq ərazidə ağacların dibinə dizel yanacağının tökülməsi ilə bağlı məlumat daxil olub. Nazirliyin əməkdaşları məlumatı yerində araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, araşdırma zamanı həmin ərazidə 5 müxtəlifcinsli ağacın dibinə dizel yanacağının töküldüyü aşkarlanıb. Faktla bağlı akt tərtib olunub və təqsirkarın müəyyən edilməsi, barəsində qanunauyğun tədbirlərin görülməsi üçün Yevlax Şəhər Polis Şöbəsinə müraciət edilib.
Ağaclara profilaktik xidmət göstərilməsi, dibinin maddədən təmizlənməsi məqsədilə Yevlax Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan "məcburi göstəriş” verilib. Hazırda ərazidəki ağaclar bioloji inkişafdadır.