Fevralın 3-də futbol üzrə Türkiyə Superliqasının XX turunda "Beşiktaş" komandası səfərdə "Antalyaspor"la qarşılaşıb.
Qonaqların üstünlüyü şəraitində keçən oyun İstanbul təmsilçisinin 6:2 hesablı qələbəsi ilə başa çatıb. "Beşiktaş"ın heyətində ilk hissədə qolları Adam Lyayiç (35), Doruxan Toköz (39) və Atiba Hatçinson (43) vurublar.
İkinci hissədə Süleyman Dukaranın vurduğu qol sayəsində meydan sahibləri hesab arasındakı fərqi azaldıblar. Lakin Antalya təmsilçisinin müdafiəçisi Saleh Dursun 67-ci dəqiqədə topu öz qapısından keçirərək komanda yoldaşlarını ruhdan salıb. Görüşün 82-ci və 84-cü dəqiqələrində "Beşiktaş”ın yeni transferi Şinci Kaqavanın daha iki dəfə fərqlənərək istanbulluların böyük hesablı qələbəsini rəsmiləşdirib. Meydan sahibləri yalnız 90-cı dəqiqədə "Beşiktaş”ı ikinci dəfə mərkəzə dəvət ediblər.
Beləliklə, bu qələbə sayəsində İstanbul təmsilçisi xallarının sayını 33-ə çatdıraraq turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
Xatırladaq ki, hazırda "Başakşəhər" komandası 44 xalla çempionata başçılıq edir. Hesabında 36 xalı olan "Qalatasaray" ikinci pillədə qərarlaşıb.
"Antalyaspor" - "Beşiktaş" - 2:6
Qollar:Dukura, 51, Miko, 89 - Adem Lyayiç, 35 (pen.), Dorukhan Toköz, 39, Atiba Hatçinson, 43, Salih Dursun, 67 (avtoqol), Şinji Kaqava, 82, 84