Xəzər Xəbər

Bakıda iki ay əvvəl çökmüş yolda bu dəfə betonlanma işləri aparılır - VİDEO

Veb TV | 19:02 • 2 Fevral 2019
Bakıda iki ay əvvəl çökmüş yolda bu dəfə betonlanma işləri aparılır -

Təxminən 2 ay əvvəl çökən yolun torpaq qatının dərinliyində betonlanma işləri görüləcək.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Xətai rayonu Nobel prospektindən gedir.

Yolun üzü şəhər istiqamətinə gedən hissəsində 2 ay əvvəl çökmə baş vermişdi. Ərazidə Avtomobil Yolları Dövlət Agentliyinin və "Azərsu" Açıq Səhimdar Cəmiyyətinin əməkdaşlarının bir neçə dəfə təmir-bərpa işləri aparmalarına baxmayaraq, problem tam həll olunmamışdı. Səbəb isə yolun çökən hissəsində, təxminən 25-30 metr dərinlikdə qrunt sularının axması göstərilirdi.

Qısa müddətə yol istifadəyə açılsa da, bu günlərdə yenidən təmirə bağlanıb. Əraziyə beton hazırlayıcı çənlər gətirilib.

Ərazidə təmir işləri aparacaq şirkətin əməkaşları bildirdilər ki, həmin çənlər burada quraşdırılacaq və beton hazırlanaraq suvaq şəklində çökən torpaq qatının dərinliyinə vurulacaq. İşlərə nə vaxtdan başlanacağı gün isə hələ ki, məlum deyil.

Problemin bu vaxta qədər aradan qaldırılmamasından isə sürücülər əziyyət çəkirlər. Onların sözlərinə görə, çökən hissənin hasara alınması bu yolda tıxaca səbəb olur.

Qeyd edək ki, prospektdə 2014-cü ildə buna oxşar hadisə baş vermişdi. "Azərneftyağ" Neft Emalı Zavodunun qarşısında yolun alt hissəsindən keçən, eni 1600 mm-lik kanalizasiya kollektorunun sıradan çıxması nəticəsində yolun yatağı və torpaq qatı yuyulmuş, asfalt beton-örtüyü tamamilə sıradan çıxmışdı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar