Azərbaycanda A/H1N1 virusu var, amma bu virus artıq "donuq qripi" adlandırılmır. Çünki 10 il əvvəl yaranan bu virus mövsümi qripdir. Bu virusdan qorunmaq üçün sadəcə gigiyenik qaydalara əməl etmək lazımdır.
Xezerxeber.az-ın məlumatına görə, Azərbaycanda 16 nəfərin A/H1N1 virusuna yoluxması əhali arasında ciddi narahatlıq yaradıb. Lakin Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı bu virusun "donuz qripi" deyil, adi mövsümi qrip olduğunu bildirib. Onun sözlərinə görə, hazırda dünyada, o cümlədən Azərbaycanda da hər il olduğu kimi, mövsümi A/H1N1 virusu var. O, Gürcüstanda geniş yayılan bu virusun ötən ildəki viruslardan fərqlənmədiyini deyib.
Hande Harmancının sözlərinə görə, "donuz qripi" donuzdan insana, daha sonra insandan insana keçdikcə buna artıq mövsümi qrip deyilir. O, həmçinin bildirib ki, Azərbaycanda müşahidə edilən A/H1N1 virusu təşvişə səbəb olacaq durum deyil. Sadəcə virusdan qorunmaq üçün gigiyenik qaydalara əməl edilməsi vacibdir.
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev isə deyib ki, əgər ölkədə qrip virusu kütləvi şəkildə yayılarsa nazirlik buna qarşı mübarizə aparmaq üçün bütün tədbirləri görəcək. Baş epidemioloq vurğulayıb ki, Azərbaycanda A/H1N1 virusu aşkarlanmış 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilməyib, onların hamısı sağlam vəziyyətdədirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: