Xəzər Xəbər

Əli Əhmədov: Prezidentin siyasətinin başlıca qayəsi insanlara qayğı göstərməkdir VİDEO

Veb TV | 18:55 • 31 Yanvar 2019
Əli Əhmədov: Prezidentin siyasətinin başlıca qayəsi insanlara qayğı göstərməkdir

Şəhid ailələrinə birdəfəlik yardımların verilməsi və bu ailələrə verilən təqaüdlərin artırılması dövlətin öz vətəndaşına qayğısının ən əsas istiqamətlərindən biridir. Baş nazirin müavini Əli Əhmədov vətəndaşların problemlərinin hər zaman dövlətin diqqətində olduğunu vurğulayıb.

"Azərbaycan xalqına xidmət və insanlara qayğının göstərilməsi dövlətin əsas qayəsidir". Baş nazirin müavini Əli Əhmədov dövlət başçısının şəhid ailələri ilə görüşünü və şəhid ailələrinə verilən təqaüdün artırılması ilə bağlı fərmanını şərh edərkən belə deyib. O bildirib ki, dövlət başçısının və birinci xanımın şəhid ailələri ilə görüşü, onların problemlərinin həll edilməsi dövlətin qarşısında duran bir məsələ idi və bu da həll edildi.

Əli Əhmədov bildirib ki, dövlət başçısı bölgələrə də səfər edəndə hər zaman insanların problemləri ilə maraqlanır, hər bölgədə ən əsas həll edilməli olan problemləri müəyyən edərək onların həlli istiqamətində tapşırıqlar verir. Bu da Azərbaycan dövlətinin öz vətəndaşına olan münasibətinin göstəricisidir. Əli Əhmədov deyib ki, vətəndaşların bütün problemlərinin həlli üçün dövlət lazım olan addımları atır.

Onu da qeyd edək ki, Əli Əhmədov Yeni Azərbaycan Partiyasının binasında bu partiyadan olan millət vəkilləri ilə görüşüb. Görüşdə dövlət başçısının son iclaslarda verdiyi tapşırıqlar və onların icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Çox oxunanlar