ABŞ-ın bir çox ştatlarında proqnozlaşdırılan soyuq hava kütləsi ölkəni vurdu. "Qütb girdabı" adı verilən soyuq hava kütləsi ölümləri də özü ilə gətirdi.
"Röyters” agentliyi xəbər verir ki, artıq ölənlərin sayı 12 nəfərə çatıb.
Ölkənin mərkəzi və qərbində temperaturun mənfi 50 dərəcə olduğu bildirilir. Minnesota ştatında isə 54 dərəcəyə kimi şaxtanın olacağı proqnozlaşdırılır. Dondurucu soyuqlar ölkənin təxminən dörddə üç hissəsini təsiri altına alıb. Bu, ölkə əhalisinin təxminən 250 milyonunun yaşadığı ərazidir.
10 ştatda məktubların paylanılması dayandırılıb, yüzlərlə orta məktəb, kollec və universitet fəaliyyətini dayandırıb.
Soyuq havaları fürsətə çevirən prezident Donald Tramp qlobal istiləşmənin olduğunu deyənlərə sataşıb.
"Qlobal istiləşməyə nə oldu? Xahiş edirik, dərhal geri gəl, sənə ehtiyacımız var”, - dövlət başçısı tvitter hesabında yazıb.
Milli Okean və Atmosfer Hadisələri Təşkilatı isə 2015-ci ildə dərc olunan bir məqaləyə istinad edərək Trampa "qış fırtınaları qlobal istiləşmənin olmadığını sübut edə bilməz” cavabını verib./Publika.az