Regionların sosial-iqtisadi inkişafına dair 3 proqramı başa vuran Azərbaycan, 4-cü proqramın icrasına başlayır. Yeni proqramkənd yerlərini də əhatə edəcək. Bu proqram bölgələrdə yaşayan insanların təklifi nəzərə alınaraq hazırlanıb. Bu səbəbdəb daha effektiv olacağı düşünülür. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov proqram çərçivəsində görüləcək işləri Xəzər Xəbər-ə açıqlayıb.
2019-2023-cü illəri əhatə edəcək regionların sosial-iqtisadi inkişaf proqramı artıq dövlət başçısının fərmanı ilə təsdiqlənib və bu proqram öncəkilərdən bir sıra üstünlükləri ilə fərqlənir. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Xəzər Xəbər-ə açıqlamasında deyib ki, yeni proqram daha individual yanaşma sərgiləyərək bölgələrin inkişafında önəmli rol oynayacaq.
Bölgələrdə müasir infrastruktura malik olan iri kənd təsərrüfatı müəssisələri və aqroparkların yaradılması da sürətlə həyata keçiriləcək. Bu müasir müəssisələr xaricə məhsul ixracının dəfələrlə artmasına və eyni zamanda yüksək keyfiyyətli məhsul istehsalına imkan yaradacaq. Bu aqroparklar həm də çoxsaylı yeni iş yerləri deməkdir.
İnkişaf proqramın önəmli istiqamətlərindən biri də sənayeləşmənin təşviqidir. Hazırda mövcud olan Sumqayıt Kimya, Pirallahı, Qaradağ, Balaxanı sənaye parkları artıq müasir tələblərə uyğun məhsul istehsalı ilə məşğuldur. Bundan əlavə, Masallı, Neftçala, Hacıqabul və Sabirabadda da sənaye məhəllələri yaradılıb. Masallı və Neftçala sənaye məhəlləsində artıq rezidentlər də fəaliyyət göstərməyə başlayıblar. Sənaye məhəllələrində fəaliyyət göstərən rezidentlərin artması həm sənayenin inkişafına dəstək verəcək, həm də xaricə daha ucuz başa gələn keyfiyyətli məhsul ixracına imkan yaradacaq.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev regionların növbəti sosial-iqtisadi inkişaf proqramının dəyərinin 17 milyard manat olduğuna diqqət çəkmişdi. Bu vəsaitin 4.6 milyard manatdan çoxu sahibkarlar tərəfindən, 13 milyard manata yaxını isə dövlət tərəfindən müxtəlif sahələrə yatırılacaq. Bu vəsaitlərdən əlavə xarici investisiyaların cəlib edilməsi də nəzərdə tutulur. Bu isə sayca 4-cü olan proqramın icrasına ən az 20 milyard manata yaxın vəsaitin cəlb olunması deməkdir.