Lənkəranın sitrus bağlarında hallabonq yığımına başlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, hallabonq bağları Lənkəranda ilk dəfə 2015-ci ildə salınmağa başlanılıb. İlkin olaraq 15 hektar sahədə sınaq əkini aparılıb. Nəticələr müsbət olduğundan hallabonq bağlarının sahəsi 100 hektaradək genişləndirilib.
Bir hallabonq meyvəsinin çəkisi 300-350 qram olur. Orta hesabla bir hektar sahədən 35-40 ton məhsul əldə etmək mümkündür.
Hazırda Lənkəran rayonunun Sütəmirdov, Siyavar, Şürük, Tükəvilə kəndlərində hallabonq bağları salınıb. Gələcəkdə isə digər ərazilərdə də bu yeni sitrus bağlarının salınması nəzərdə tutulub.
Qeyd edək ki, hallabonq dünyada ilk dəfə ötən əsrin 70-ci illərində təbii seleksiya yolu ilə Yaponiyada yetişdirilib. Yaponiyadan sonra bu bitki Cənubi Koreyada əkilib. Daha sonra bu meyvənin Amerika Birləşmiş Ştatları və Braziliyada yetişdirilməsinə başlanıb. Hallabonq və ya dekopon adlandırılan nadir sitrus bitkisi dünyada cəmi 5 ölkədə, o cümlədən Azərbaycanda yetişdirilir.
Meyvənin tərkibi insan orqanizmi üçün vacib olan vitaminlərlə zəngindir. Meyvə əsasən diş tökülməsinin və şəkər xəstəliyinin qarşısını almaq baxımından xeyirlidir. Meyvə insan orqanizmindəki zərərli maddələrin, müxtəlif xəstəliklərin qarşısını alır. Bu sitrus meyvəsinə qənnadı, kosmetika, ətriyyat, şirə və şərabçılıq sahələrində də tələbat var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: