Təxminən 5-10 metr irəlidə hərəkət edən avtomobilləri görmək olmur. Nəticədə də sürücülər maşını idarə etməkdə çətinlik çəkirlər.
Xezerxeber.az-ın məlumatına görə, paytaxt Bakıda küçə və prospektlərin yollarında güclü duman hökm sürür.
Duman güclü olduğundan yollarda görüntünü məhdudlaşdırıb. Xüsusən də Bakı-Dairəvi yolunda avtomobillərin hərəkəti çətinləşib. Sürücülər məcbur qalıb qəza dayanma işıqlarından və duman faralarından istifadə ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş hidroloqu Asif Verdiyev "Xəzər Xəbər"ə bildirib ki, dumanlı hava şəraiti sabah da davam edəcək.
Həmin tarixdə Bakıda və Abşeron yarmadasında şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun 7-9 dərəcə olması gözlənilir. Bölgələrdə isə hava şəraitinin yağmursuz olacağı proqnozlaşdırılır.
Bakı Nəqliyyat Agentliyi isə dumanlı hava şəraiti ilə bağlı sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almağı, ara məsafəsini normadan artıq saxlamağı və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edib. Bununla yanaşı, piyadalara bildirilib ki, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: