Yanacaqdoldurma məntəqəsinə basqın edilib.
Hadisə Abşeronda, Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində baş verib. Məntəqəyə gələn 2 maskalı şəxs orada operator işləyən Aşağı Güzdək qəsəbə sakini Ruslan Əmkişiyevi oyuncaq tapança ilə hədələyərək ondan pul tələb ediblər. Basqınçılar müqavimətlə üzləşiblər və soyğunçuluğun baş tutmadığını görərək oradan qaçıblar.
Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törədən şəxslərin Aşağı Güzdək qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Tural Qarayev və Məhəmməd Mirzəyev olduqları müəyyən edilib. Onların hər ikisi tutularaq istintaqa cəlb edilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.