Xəzər Xəbər

EVAKUATORLAR QAYIDIR - Bu dəfə BNA təxliyyə edəcək - VİDEO

Veb TV | 19:39 • 18 Yanvar 2019
EVAKUATORLAR QAYIDIR -

Bundan sonrabəzi qaydaları pozan sürücülərin avtomobilləri evakuatorlar vasitəsi ilə duracaqlara aparılacaq. Bu dəfə isə prosesi Bakı Nəqliyyat Agentliyinin əməkdaşları həyata keçirəcək.

Bundan sonra dayanma, durma və parklanma qaydalarını pozan şəxslərin avtomobilləri evakuatorlar vasitəsi ilə cərimə meydançalarına aparılacaq.

Bu məqsədlə Bakı Nəqliyyat Agentliyi qaydalara əməl etməyən sürücülərə xəbərdarlıq edib. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, yaxın günlərdə Bakı şəhərinin inzibati ərazisində dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılması prosesinə başlanılacaq.

Yəni inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı halda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır. Qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. Həmin qərar dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və sürücüyə bu barədə məlumat verilir.

Mais Ağayev bildirdi ki, Bakı Nəqliyyat Agentliyinin xüsusi mühafizə edilən duracaqları olacaq ki, ora məhz qayda pozan sürücülərin avtomıobilləri yerləşdiriləcək.

Evakuatorla daşınma haqqının isə 20 manat olması nəzərdə tutulur.

Xəbər lenti