Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik nitqində ötən ilin uğurla başa çatdığını, yeni ilin isə bir sıra məqsədlərin qarşıya hədəf kimi qoyulduğuna diqqət çəkib. Xarici siyasət sahəsində ciddi addımların atıldığına deyən dövlət başçısı 16 ölkəyə səfər etdiyini, coxlu sayda xarici dövlət və hökümət başçılarının da Azərbaycanda səfərdə olduqlarını bildirib.
Qonşu ölkələrlə əlaqələrin gücləndiyini qeyd edən dövlət başçısı Avropa İttifaıq ilə də imzalanan Tərəfdaşlıq Prioritetləri sənədinin ikitərəfli münasibətləri daha da yaxınlaşdırdığını bildirib. Bu il Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsinin öz həllini tapmasının önəmli hadisə olduğunu bildirən dövlət başçısı həyata keçirilən bütün tədbirlərdə əsas məqsədin Azərbaycan xalqına xidmət etmək olduğunu vurğulayıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycan dövlətinin prinsipial mövqeyində qalmağa davam edəcəyini bildirən prezident İlham Əliyev növbəti ildə bu məsələdə irəliləyişlər olmasını mümkün hesab edib.
Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həllində istənilən varianta hazır olmaq üçün Azərbaycanın öz hərbi qüdrətini artırmağa davam edəcəyinə diqqət çəkib. Köçkün ailələrinə 5800, şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə isə 626 yeni mənzilin verildiyini bildirən dövlət başçısı bu təbəqələrdən olan vətəndaşlara dövlət qayğısının davam edəcəyini bildirib.
Azərbaycanın ixracının 40 faiz artdığını bildirən prezident İlham Əliyev ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulduğunu deyib. Dövlət başçısı Dünya Bankının "Doing Business" proqramının son hesablamalarında Azərbaycanın dünya miqyasında 25-ci yerə layiq görülməsini şəffaflıq, ciddi iqtisadi islahatlarla əlaqələndirib.
Orbitə yeni peyk buraxaraq kosmik klubda Azərbaycanın öz mövqelərini möhkəmləndirdiyini bildirən prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin, TANAP-ın və Ələt Ticarət Limanının açılışının isə enerji və nəqliyyat sahələrində həyata keçirilən ən önəmli hadisələr adlandırıb.
Nəticədə Azərbaycan nəinki regionun, Avrasiyanın çox önəmli nəqliyyat mərkəzinə çevrilib. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri Azərbaycan ərazisindən keçir. Çox güclü nəqliyyat infrastrukturu tranzit imkanlarımızdan çox böyük səmərə ilə istifadə etməyə yeni imkanlar açır. Dövlət başçısı ötən ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" olaraq ölkə daxilində və xaricdə böyük tədbirlərlə qeyd olunduğunu bildirib.
2018-ci ilə Azərbaycanda bütün sahələr üzrə inkişafla yadda qaldığını bildirən dövlət başçısı növbəti ilin də ölkəmiz üçün uğurlu olacağına əminliyini ifadə edib.