Baş vermiş qəzalarda xəsarət alanlara dərhal müdaxilə etmək üçün əlavə tibb məntəqələri yaradıla bilər. Bundan başqa, yollarda qəzaların çox baş verdiyi hissələrə də baxış keçirilərək təhlükəli ərazilərdə qabaqlayıcı tədbirlər görüləcək. Bütün bunlar 2019-2023-cü illəri əhatə edən yol hərəkəti təhlükəsizliyi üzrə dövlət proqramında öz əksini tapıb.
Yol-nəqliyyat hadisələrində ölüm faktlarını minimuma endirmək üçün qabaqlayıcı tədbirlər görülür.
Bununla bağlı 2019-2023-cü illəri əhatə edən yol hərəkəti təhlükəsizliyi üzrə dövlət proqramında aidiyyəti qurumlar qarşısında konkret hədəflər qoyulub. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu proqrama əsasən, qəza sonrası xilasetmə, təcili və təxirəsalınmaz tibbi yardım tədbirlərini həyata keçirən qurumlar arasında əlaqələndirmə gücləndiriləcək. Hətta bununla bağlı vahid çağrı mərkəzinin yaradılması da nəzərdə tutulub. Qəza baş verdikdən 8 dəqiqə sonra hadisə yerinə həkim briqadası gələcək.
Ekspertin fikirincə, belə olduqda qəzalar zamanı ümumi ölənlərin sayını 30, uşaq ölümlərini isə 50 faiz azaltmaq mümkün olacaq. Dövlət proqramı çərçivəsində yol-nəqliyyat hadisələrinin müntəzəm baş verdiyi yerlərin, yəni qəza ocaqlarının müəyyən edilməsi və qəzaların səbəblərinin aradan qaldırılması ilə bağlı da işlər görüləcək. Ərşad Hüseynovun sözlərinə görə, bunun üçün ölkə ərazisindəki bütün yollar təhlil ediləcək.
Qeyd edək ki, bütün bunlarla bağlı işlər Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar ilə Səhiyyə nazirlikləri, eləcə də Baş Dövlət Yol Polisi İdarəsi, Avtomobil yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinə tapşırılacaq.