Səudiyyə Ərəbistanlı jurnalist Camal Kaşıkçının İstanbuldakı tükürpədici qətli ilə bağlı yeni təfsilatlar məlum olub. Qurbanın doğranmış bədən hissələrinin olduğu güman edilən torbaların görüntüsü Türkiyə KİV-nə sızıb.
Bu haqda Al-Jazeera məlumat yayıb.
Görüntüdə qara minivenin qətl yerindən bir neçə yüz metr aralıda yerləşən baş konsulluq binasına yaxınlaşdığını görmək olur. Maşının içindən çıxan şəxslər şübhəli qara torbaları çıxararaq, diplomatik nümayəndəliyin binasına aparır.
Müşahidə kamerasının obyektivinə düşmüş videoyazı əvvəl "A Haber” telekanalında yayımlanıb. Telekanal kadrların hadisə ilə bağlı müstəqil jurnalist araşdırması aparan "Daily Sabah" nəşrinin müxbirindən əldə olunduğunu açıqlayıb.
Sözügedən nəşrin Türkiyə xüsusi xidmət orqanlarında mənbələri var və bundan əvvəl də Kaşıqçının qətli ilə bağlı eksklüziv materiallar dərc edib.
Bundan əvvəl Səudiyyə Ərəbistanı hökuməti Türkiyə xüsusi xidmət orqanlarının konsulluq binasında axtarış aparmasına icazə verməmişdi.
"Bu kadrlar istintaqın gedişini dəyişəcək”, - deyə Əl Cəzirənin reportajında qeyd olunub.