Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının dünən keçirilmiş qurultayının qərarı ilə icmanın yeni sədri seçilən Tural Gəncəliyev Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 3 dil bilən Tural həm də Azərbaycanın bir sıra xarici ölkələrdəki səfirliklərində işləyib. Bəs ümumilikdə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yeni sədri Tural Gəncəliyev kimdir?
Bir neçə gün öncə "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin yeni sədri Tural Gəncəliyev seçildi. İcmaya rəhbər seçilən Tural Gəncəliyev 1980-ci ildə Qarabağın mədəniyyət mərkəzi sayılan Şuşa şəhərində anadan olub. Uşaqlıq illərini Xan qızı Xurşudbanu Natəvan, Azərbaycanın dahi bəstəkarı Uzeyir Hacıbəyov və tanınmış muğam ustası Xan Şuşinskinin ev muzeyləri ilə qonşuluqda keçirib. Bu isə onun sonradan musiqi təhsili almağına da həvəs yaradıb.
Şuşanın işğal olunması səbəbindən 1992-ci ilin may ayından etibarən Bakıya köçən Tural Gəncəliyev məcburi köçkün olaraq orta məktəb və musiqi təhsilini Bakıda davam etdirib.
Tural Gəncəliyev 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, sonra isə eyni fakültənin magistraturasını fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə çalışan Tural Gəncəliyev 2004-cü ildə nazirliyin Təhlükəsizlik Problemləri İdarəsinin referent, 2006-cı il də həmin idarənin attaşesi, 2008-ci il də isə üçüncü katibi vəzifəsinə təyin edilib. Bununla yanaşı, həmin ildə Azərbaycanın Kanadadakı Səfirliyinə ezam edilib.
2013-cü ildə Xarici İşlər Nazirliyinin Amerika İdarəsinin Şimali və Mərkəzi Amerika şöbəsinə təyin olunan Tural Gəncəliyev, 2014-cü ildə Azərbaycanın Çexiyadakı Səfirliyinə birinci katib vəzifəsinə təyin olunub. O, 2017-ci ildə ATƏT-in İnsan ölçüsü çərçivəsində "İnsan hüquqları və məcburi köçkünlər haqqında" Vyana şəhərində keçirilmiş konfransda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təmsilçisi qismində çıxış etmək üçün Avstriyaya ezam edilib. 2018-ci ildə isəÇexiyada uzunmüddətli ezamiyyəti başa vuraraq, Xarici İşlər Nazirliyinə geri çağırılıb.
İngilis, fransız və rus dillərini bilən Tural Gəncəliyev ailəlidir. Dağlıq Qarabağla bağlı müzakirələrin genişləndiyi bir vaxtda Tural Gəncəliyev kimi bir şəxsin icmanın rəhbərliyinə gətirilməsi təsadüfi deyil. Onun bu torpaqların mədəni mühitində formalaşan keçmişindən, eləcə də diplomat kimi fəaliyyətindən önümüzdəki dönəmdə gözləntilər böyükdür.