İş adamına şəxsi avtomobilində silahlı basqın olub.
Hadisə gecə saatlarında paytaxtın Xətai rayonu Sadıqcan küçəsində baş verib. 48 yaşlı Fariz Vahabov özünə məxsus minik avtomobilində güllələnib.
Güllə səsini eşidən yaxınlıqda yaşayan sakinlər dərhal polisə məlumat veriblər. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin araşdırmalara başlayıblar. Sonra meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xətai Rayon Şöbəsinə aparılıb.
Ekspertiza şöbəsindən verilən məlumata görə, mərhum odlu silahdan açılan atəşlə qətlə yetirilib. Meyit müayinə olunduqdan sonra ailə üzvlərinə təhvil verilib. Xətai Rayon Polis İdarəsindən bildirilib ki, artıq baş vermiş cinayət hadisəsi ilə bağlı bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Fariz Vahabov əvvəllər dövlət işində çalışıb. Lakin səhhətində yaranmış problemlə əlaqədar təqaüdə çıxıb. Sonra onun bizneslə məşğul olduğu bildirilir. İstintaq da onun məhz elə bizneslə əlaqadər qətlə yetirildiyini ehtimal edir.