Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış 10 mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mənzillərin təqdim olunması mərasimində çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən biridir. Həmin kateqoriyalara aid vətəndaşların mənzillə təminatı işləri ildən-ilə genişlənir. Dövlətimizin başçısı dekabrın 17-də hərbçilərə yeni mənzillərin təqdim olunması mərasimində çıxışı zamanı bu sahədə görülən işləri qeyd edərək şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün son illərdə minlərlə ev və mənzilin tikildiyini, bu il 626 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə yeni mənzillər təqdim edildiyini və gələn il ən azı 800 mənzil veriləcəyini bildirib.
Nazir müavini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin maddi təminatlarının gücləndirilməsi üçün onların Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri, pensiya və müavinətlərlə təminatının da həyata keçirildiyini, şəhid ailələrinin və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət ödənildiyini bildirib. O, həmçinin dövlət başçısının müvafiq Fərmanına əsasən şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verildiyini diqqətə çatdırıb. Mərasimdə qeyd edilib ki, indiyədək 2897 şəhid hərbi qulluqçunun 3856 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub. Həmin qərarlar əsasında müvafiq vəsaitlərin ödənişi davam etdirilir.
Yeni mənzillərlə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onların sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən razılıq ifadə edərək, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra mənzillərin püşkatma qaydasında, obyektiv və ədalətli şəkildə paylanması həyata keçirilib.