Ötən 14 il ərzində "Aqrolizinq" vasitəsilə 44 minə yaxın kənd təsərrüfatı texnikası idxal olunaraq 40 faiz güzəştlə satılıb; 35 mindən artıq damazlıq heyvan idxal olunaraq 40 faiz güzəştlə lizinqə verilib. "Aqrolizinq"in son 14 ildə gördüyü işlərin hesabatı açıqlanıb.
Bundan başqa, 795 min ton gübrə və 300 min litr pestisidin güzəştli satışı təşkil edilib; 55 aqroservis formalaşdırılaraq texniki servis xidməti göstərilib. Prezident İlham Əliyevin "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsinə dair" imzaladığı fərmana əsasən, bundan sonra kənd təsərrüfatı texnikası və damazlıq heyvanlara tətbiq olunan güzəştlər bütün təchizatçı şirkətlərə şamil ediləcək. Texnika və damazlıq heyvan satışı "Aqrolizinq" tərəfindən deyil, təchizatçı şirkətlər tərəfindən həyata keçiriləcək.
Kənd təsərrüfatı texnikası və damazlıq heyvanların lizinqə götürülməsinin müvəkkil banklarda rəsmiləşdirilməsi də fermerlərə bir sıra üstünlüklər verəcək. Subsidiyaların verilməsi qaydaları da fərmana əsasən sadələşəcək. Kənd təsərrüfatı texnikasının lizinqi zamanı dövlət texnikanın ilkin dəyərinin 40%-ni subsidiya şəklində ödəyəcək.
Damazlıq heyvanlarda isə dövlətin tətbiq etdiyi subsidiya 10% artırılaraq, 60%-ə qaldırılacaq. Vətəndaş qalan məbləğin 25 faizini ilkin ödəniş edəcək, 15 faizini isə banklar kredit şəklində rəsmiləşdirəcək. Nəticədə kənd təsərrüfatı texnikası və damazlıq heyvan bazarında rəqabət güclənəcək, qiymətlərdə azalma müşahidə olunacaq. Kənd təsərrüfatı texnikası ehtiyat hissələrinin istehsalı, satışı və idxalının əlavə dəyər vergisindən azad olunması da nəzərdə tutulur.