Azərbaycanda aztəminatlı ailələrə bayram münasibəti ilə əlavə ödəniş ediləcək. Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, bu ilin sonuna kimi sosial yardım alan ailələlərin hər birinə 100 manat pul veriləcək.
Sərəncamın icrası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 milyon manat ayrılıb.
Əhalinin aztəminatlı hissəsi dövlətin sosial siyasətində həmişə diqqət mərkəzində olub. Hələ 2003-cü ildə yoxsulluğun azaldılması haqqında ilk dövlət proqramı təsdiqlənib, 2008-ci ildə növbəti belə proqram qəbul edilib. 2006-cı ildən isə aztəminatlı ailələrlə ünvanlı yardımlar verilməyə başlanıb və hazırda da davam etdirilir. 2010-11-ci illərdə isə Dünya Bankı və Azərbaycan hökuməti birgə əhalinin özünəməşğulluq layihəsini icra edib.
Ötən ildən etibarən isə Azərbaycanda ələbaxımlılığı azaltmaq üçün aztəminatlı ailələrə aktivlətin verilməsinə başlanılıb. Belə ailələr dövlətdən aldıqları avadanlıq və mal dəstəyi ilə əsasən kənd təsərrüfatı, xidmət və kiçik istehsal hesabına öz bizneslərini qurublar. Bu üsulla Azərbaycanda aztəminatlı ailələrin sayı hər il azalır.
Əgər ötən il 1200 ailə özünəməşğulluq proqramına cəlb edilimişdisə, cari ildə bu rəqəm 7 min 700 nəfərə çatıb. Görülən ardıcıl tədbirlər nəticəsində son 15 ildə əhalinin aztəminatlı təbəqəsinin ümumi çəkisi azalıb, yoxsulluq 49 faizdən 5 faizə düşüb. Son 15 ildə əhalinin sayı 1,5 milyon nəfər artsa da, işsizliyin statistikasında azalan temp saxlanıb, hazırda Azərbaycanda işsizlik səviyyəsi Avropa və MDB məkanında ən aşağı yerlərdədir.