Xəzər Xəbər

Maqsud Şeyxzadənin 110 illik yubileyinə həsr olunan konfrans keçirildi VİDEO

Veb TV | 19:20 • 20 Dekabr 2018
Maqsud Şeyxzadənin 110 illik yubileyinə həsr olunan konfrans keçirildi

Özbək ədəbiyyatında dramaturgiyanın banisi sayılan, tərcüməçi, pedaqoq, tanınmış şair, azərbaycanlı Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi ilə bağlı Bakıda böyük konfrans keçirilib.

"Kaspi" qəzeti, "Kaspi" Təhsil şirkəti, Azərbaycan Mətbuat Şurası və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə millət vəkilləri, tanınmış ziyalılar iştirak ediblər. Konfransı giriş sözü ilə açan mətbuat şurasının sədri Əflatun Amaşov bildirib ki, Ağdaşda anadan olmuş Maqsud Şeyxzadə məktəbi bitirdikdən sonra Bakıya yollanıb. Bakı Pedoqoji Məktəbində təhsilini başa vuran Şeyxzadə müəllim işləmək üçün Dağıstana gedib. Burada baş verən olaylarda yaxından iştirak etdiyi üçün Özbəkistana sürgün edilib. Əflatun Amaşov qeyd edib ki, Maqsud Şeyxzadə yaradıcılığı ilə özbək ədəbiyyatının klassiki səviyyəsinə qədər yüksəlib və o, şair kimi Özbəkistan ədəbiyyatına ilk dəfə sərbəst vəzn gətirib.

Daha sonra Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən çəkilən "İki xalqın iftixarı" filmi təqdim edilib. Filmdə Maqsud Şeyxzadənin həyat və yaradıcılığı öz əksini tapıb.

Təqdimatdan sonra çıxış edən "Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva Azərbaycan və özbək ədəbiyyatının zənginləşməsinə verdiyi töhfələrə görə Maqsud Şeyxzadənin xidmətlərini yüksək qiymətləndirib. Sona Vəliyeva bildirib ki, Maqsud Şeyxzadə bu gün tədqiq olunmağa, bütün dillərə tərcümə olunmağa layiq bir ziyalıdır.

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov isə deyib ki, Maqsud Şeyxzadə yazdığı əsərlərlə özbək ədəbiyyatını xeyli zənginləşdirib.

Konfransla bağlı Özbəkistandan Azərbaycana gələn nümayəndə heyətinin adından çıxış edən alim və tərcüməçi, Azərbaycan ədəbiyyatının Özbəkistandakı ən tanınmış təbliğatçısı olan Babaxan Şərif Maqsud Şeyxzadənin iki xalqı bir-birinə daha da yaxınlaşdırdığını deyib.

Azərbaycan və Özbək ədəbiyyatlarını bir-birinə bağlayan belə tədbirlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.

Xəbər lenti