Xəzər Xəbər

Bakı metrosunda cibgirlər yaxalandı VİDEO

Veb TV | 19:53 • 19 Dekabr 2018
Bakı metrosunda cibgirlər yaxalandı

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları metronun stansiyalarında və qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, dekabrın 18-də saat 9 radələrində Metropolitendə Polis Şöbəsinə müraciət edən paytaxt sakini "28 May” stansiyasının platformasında cibindən "Iphone 5S” markalı mobil telefonunun oğurlandığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb. Oğurluğu törətməkdə şübhəli bilinən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilib. O, "20 Yanvar” stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Zəngilan rayon sakini, oğurluq və soyğunçuluq cinayətlərinə görə əvvəllər də məhkum edilmiş Xəqani Cavadov olduğu müəyyənləşdirilib.

Bundan başqa, Abşeron rayonunun qadın sakininin "Samsung” markalı mobil telefonunun metronun "Nizami” stansiyasında oğurlanması barədə polisə müraciət daxil olub. Müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Rafiq Allahverdiyev polis əməkdaşları tərəfindən metronun "28 May” stansiyasının yaxınlığında saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti