Xəzər Xəbər

330 layihəyə investisiya təşviqi sənədi verilib VİDEO

Veb TV | 19:21 • 19 Dekabr 2018
330 layihəyə investisiya təşviqi sənədi verilib

İndiyə qədər 330 layihəyə investisiya təşviqi sənədi verilib və nəticədə bu layihələrə 2.8 milyard manat investisiyanın qoyulması reallaşdırılıb..Bunu Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının V qurultayında çıxış edərkən iqtisadiyyat naziri Şahin Mustafayev açıqlayıb. Nazir indiyə qədər sənaye məhəllələrinə cəlb edilən vəsaitin həcmini də açıqlayıb.

Şahin Mustafayev aqroparkların yaradılması ilə bağlı işlərin də davam etdiyini və açılması planlaşdırılan 45 aqroparkdan artıq 18-nin fəaliyyətə başladığını bildirib. 27 aqropark isə 2019 və 2020-ci illərdə açılacaq və layihələrə 1.5 milyard manat vəsait cəlb olunacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə öz çıxışında əməyin qanuniləşdirilməsi üçün işlərin sürətləndirildiyini və qısa zamanda artıq 100 min nəfərin əmək müqaviləsi ilə işə başladığını vurğulayıb. Nazir peşələrə olan tələblərlə bağlı dövlət standartlarının da hazırlanaraq iş yerlərinə təqdim edildiyini bildirib.

Qurultayda çıxış edən Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev isə iş yerlərində normal iş şəraitinin yaradılması ilə bağlı quruma daxil olan təşkilatlarda müsabiqələr keçirildiyini və nəticələrin yaxşı olduğunu qeyd edib.

Onu da qeyd edək ki, çıxışlardan və müzakirələrdən sonra Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının bu gün keçirilən V qurultayında qurumun növbəti 4 il üçün prezidenti seçilib. Bu vəzifə açıq səsvermə yolu ilə yenidən qurumun hazırki rəhbəri Məmməd Musayevə həvalə edilib.

Xəbər lenti

Çox oxunanlar